Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO
Naxçıvan, 24 avqust, AZƏRTAC
Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı son dövrdə atılan addımlar muxtar respublikanın qarşıdakı illər üçün inkişaf istiqamətlərinin kifayət qədər geniş olduğunu göstərir. Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı təqdim edilən layihələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada əsas məqsəd yalnız ayrı-ayrı sahələrin inkişafı deyil, bütövlükdə regionda iqtisadi fəallığın artırılması və insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır.
Səfərdən sonra imzalanan Sərəncamla müəyyənləşdirilən tədbirlər isə bu prosesə əlavə stimul verir. Sərəncamda nəzərdə tutulan işlər arasında avtomobil yollarının əsaslı təmiri də mühüm istiqamətlərdən biridir. Dövlət başçısının 2026-cı il 12 avqust tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının əsaslı təmiri ilə bağlı siyahı müəyyənləşdirilib. Təsdiq edilmiş siyahıya uyğun olaraq, ümumilikdə, 26 yaşayış məntəqəsi olmaqla, 420 kilometr avtomobil yolunun əsaslı təmir olunması nəzərdə tutulub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli deyib.
O qeyd edib ki, layihələr Naxçıvan şəhəri ilə yanaşı Ordubad, Culfa, Babək, Şərur və Şahbuz rayonlarının müxtəlif yaşayış məntəqələrinin avtomobil yollarını əhatə edəcək: "Hazırda bu istiqamətdə layihələndirmə işləri həyata keçirilir. Daha sonra növbəti mərhələdə tender mərhələsi təşkil olunacaq və həmin avtomobil yollarında təmir işlərinə başlanılacaq".
"Yolların əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat vəsait ayrılıb. Yol infrastrukturunun yenilənməsi nəticəsində yaşayış məntəqələri arasında gediş-gəliş daha da rahatlaşacaq, nəqliyyat imkanları genişlənəcək və yol şəbəkəsinin keyfiyyəti yüksələcək", - deyə Əli İbrahimbəyli əlavə edib.
Müxbir- Nail Əsgərov