İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq üçün əyani təhsil forması üzrə sənəd qəbulu davam edir.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, təkrar ali təhsilə qəbul beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, maliyyə, marketinq, menecment, statistika, kompüter elmləri, aerokosmik mühəndislik, cihaz mühəndisliyi, ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları üzrə aparılır. Bununla yanaşı, kimya mühəndisliyi, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, maşın mühəndisliyi, materiallar mühəndisliyi, mədən mühəndisliyi, metallurgiya mühəndisliyi, mexanika mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi, nəqliyyat mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, qida mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, sənaye mühəndisliyi, nəqliyyatda servis ixtisasları üzrə təkrar ali təhsilə qəbul aparılır.
Ali təhsili olan hər kəs heç bir imtahan vermədən AzTU-da ikinci təhsil almaq imkanı əldə edə bilər. Təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili fərqli olan və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Təkrar ali təhsildə dərslər saat 18:30-da başlayır. Sənəd qəbulu avqustun 31-dək elektron qaydada https://portal.edu.az/ vasitəsilə həyata keçirilir.