Ənənəvi sənət, müasir imkanlar - Toxuculuq sənətinin sirləri “ABAD”çının əl işlərində VİDEO
Bakı, 27 avqust, AZƏRTAC
“ABAD”çı Ramilə Adıgözəlova toxuculuqla fərqli və yaradıcı hobbi kimi məşğul olur. Onun toxuculuğa marağı hələ uşaq yaşlarından başlayıb. Bu sənətin ilk sirlərini nənəsinin yanında öyrənən Ramilə Adıgözəlovanın sonralar toxuculuğa həvəsi daha da artıb. O, sənətin texnikasını və nəzəri əsaslarını daha dərindən öyrənmək üçün kitab və jurnallara müraciət edib, sapların işlənməsi, müxtəlif toxuma üsulları və texnologiyaları ilə bağlı biliklərini təkmilləşdirib.
“Bu iş mənə daha yaradıcı ideyalar verdi. Ona görə də toxuculuğu peşəkar səviyyədə öyrənmək, onun nəzəriyyəsini, sapların texnikasını və texnologiyasını araşdırmaq qərarına gəldim”, – deyə Ramilə Adıgözəlova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
O, toxuculuqla 2000-ci illərin əvvəllərindən daha fəal şəkildə məşğul olmağa başlayıb. İlk olaraq süfrələr toxuyan “ABAD”çı daha sonra müxtəlif ev əşyaları və oyuncaqlar hazırlayıb. Əl işlərinə marağın artdığını və bu məhsulların daha çox diqqət çəkdiyini nəzərə alaraq geyim aksesuarlarının hazırlanmasına da üstünlük verib. Beləliklə, çantalar və müxtəlif aksesuarlar toxumağa başlayıb.
Hazırladığı əl işlərinin sayı artdıqca onların satışını təşkil etmək barədə düşünən Ramilə Adıgözəlova “ABAD”la əməkdaşlığa başlayıb. O, əl işlərini “ABAD”a təqdim edib və qeydiyyata alınıb: “ABAD” sənətkarlara dəstək olan bir qurumdur. Hazırladığımız əl işlərinin satışını həyata keçirirlər. Bu da bizə bir növ motivasiya verir. Toxuculuqda yalnız maddi qazanc düşünmək düzgün olmazdı. Çünki bütün diqqəti maddiyyata yönəltdikdə sənətin özünə olan münasibət dəyişə bilər. Mən həm dövlət idarəsində çalışıram, həm də hobbi kimi toxuculuqla məşğulam. Hazırladığım məhsulları “ABAD”a təhvil verirəm. Onlar da müxtəlif sərgilərdə və tədbirlərdə bu əl işlərini satışa çıxarırlar”, – deyə “ABAD”çı bildirib.
Ramilə Adıgözəlova artıq iki ildən çoxdur ki, “ABAD”la əməkdaşlıq edir. Onun sözlərinə görə, əl işlərinə, xüsusilə də toxuculuq məhsullarına maraq son dövrlərdə daha da artıb. Azərbaycana səfər edən xarici turistlər və digər qonaqlar milli sənət nümunələri və əl işləri ilə xüsusi maraqlanırlar. “ABAD”ın müxtəlif sərgilərdə və tədbirlərdə sənətkarların məhsullarını təqdim etməsi isə bu işlərin daha geniş auditoriyaya çatmasına imkan yaradır.
O, “ABAD”la əməkdaşlığa necə başladığını bu cür xatırlayır: “Sosial şəbəkələrdə “ABAD”ın sərgiləri ilə bağlı məlumatlara rast gəlirdim. İçərişəhərdə də “ABAD”ın bir çox stendlərini görmüşdüm. Ona görə düşündüm ki, mənə dəstək olmaq baxımından ən yaxşı seçim “ABAD”dır. Çünki əsas işimlə paralel olaraq əl işlərinin satışını təşkil etmək vaxt baxımından çətindir. “ABAD”a etibar etdim və sağ olsunlar, hazırladığım məhsulların satışını həyata keçirirlər”.
Ramilə Adıgözəlova hesab edir ki, toxuculuqda ən vacib məqamlardan biri səliqəli işləməkdir. Onun fikrincə, gözoxşayan və səliqəli hazırlanmış hər bir əl işi insanların diqqətini daha tez cəlb edir.
“Toxuculuqda iş nə qədər səliqəli görülərsə, bir o qədər gözəl alınar. Sapların rəngi, detallar, ilmələrin düzülüşü bir-birinə uyğun olmalıdır. Səliqə və düzgünlük bu sənətdə çox vacibdir. Hazırlanan məhsulun gözəl görünməsində bütün bu amillərin rolu var”, – deyə o diqqətə çatdırır.
Ramilə Adıgözəlova deyir ki, hazırda toxuculuqda ən çox uşaqlar üçün oyuncaqlara və çantalara tələbat var. Lakin o, moda sahəsinə marağı səbəbindən əsasən çanta toxumağa üstünlük verir. Əl işi olan çantalar isə hər il müxtəlif rəng və modellərlə dəbə gəlir və qadınların gündəlik, eləcə də ziyafət geyimlərini tamamlayan aksesuar olaraq aktuallığını qoruyur.
Onun hazırladığı məhsulların əsas alıcıları da qadınlardır. Ramilə Adıgözəlovanın sözlərinə görə, satılan məhsulların təxminən 90 faizini xanımlar alırlar. Bununla yanaşı, əcnəbi turistlər arasında da onun əl işlərinə maraq göstərənlər var. Bəzi kişilər isə həmin məhsulları xanımlarına hədiyyə etmək üçün alırlar.
Toxuculuqda məhsulun keyfiyyətli və səliqəli alınmasında istifadə olunan saplarla toxuma alətinin düzgün seçilməsi də mühüm əhəmiyyət daşıyır. Ramilə Adıgözəlova bildirir ki, sapın qalınlığına uyğun olaraq toxuma alətinin - milin və ya qarmağın ölçüsü də seçilməlidir. Sap nazik olduqda daha kiçikölçülü, qalınlaşdıqca isə daha böyükölçülü alətdən istifadə edilir. Həmin uyğunluq məhsulun həm formasına, həm də ümumi görünüşünə təsir göstərir.
Ramilə Adıgözəlova toxuculuğun onun üçün yalnız yaradıcılıq deyil, həm də mənəvi rahatlıq mənbəyi olduğunu deyir. O, toxuyarkən əhvalının dəyişdiyini, fikirlərinin toparlandığını və sakitləşdiyini vurğulayır.
“Toxumağa başladıqda insanın əhvalı da bir növ ona uyğun dəyişir. Nə qədər əsəbi olsam da, sapı və toxuma alətini əlimə götürüb işə başlayanda bu, mənim üçün bir növ müalicədir. Əsəblərim sakitləşir, fikrimi toplayıram. Düşünürəm ki, gözəllik yaratmalıyam və əhvalımı yüksək tutmalıyam ki, gördüyüm iş də gözəl alınsın. İnsan sevdiyi işlə məşğul olduqda əhvali-ruhiyyəsi dəyişir. Bütün diqqətini həmin işə yönəldir və ortaya daha gözəl nəticə çıxır”.
Ramilə Adıgözəlova üçün toxuculuq həm nənəsindən öyrəndiyi bir sənətin davamı, həm yaradıcılıq, həm də gündəlik həyatın yorğunluğundan uzaqlaşma vasitəsidir. Hazırladığı hər bir əl işinə böyük zəhmət və sevgi sərf edən “ABAD”çı bu sahənin gələcəkdə də öz aktuallığını qoruyacağına inanır.