Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 29-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və axşam saatlarında ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 32-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı ehtimal edilir.