Ağdama qayıdan keçmiş məcburi köçkün: Ən böyük arzum odur ki, gələcək nəsil firavan yaşasın VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Bu gün Ağdam şəhəri keçmiş sakinlərinin növbəti köçünə şahidlik edəcək.
AZƏRTAC xəbər verir ki, köçənlər arasında Sərxan Nuriyev də var. O, doğma şəhərindən 30 yaşında ayrılıb. İllər sonra Ağdama qayıdış onun üçün həyatının ən böyük arzularından birinin gerçəkləşməsidir. Sözlərinə şükür və minnətdarlıqla başlayan Sərxan Nuriyev doğma torpağa qayıdış sevincini şəhidlərin xatirəsi ilə birlikdə bölüşür. O, bu günün gerçəkləşməsində həyatını itirənlərin və müharibədə iştirak edən hərbçilərin rolunu xüsusi qeyd edir: “Allah şəhidlərimizə rəhmət eləsin! Məzarları nurla dolsun, yerləri cənnət olsun! Allah qazilərimizə və müharibə iştirak edən hərbçilərimizə cansağlığı, uzun ömür versin!”.
Daha sonra onun sözlərində bir arzu, xüsusilə önə çıxır: Sülh. “Bir daha müharibə olmasın. Mənim ən böyük arzum odur ki, gələcək nəsil firavan yaşasın. Gənclərimiz xoşbəxt həyat sürsünlər. Biz də nə qədər ömrümüz var, baxaq, fəxr edək”, - deyir Ağdam sakini.
Doğma torpaqdan ayrıldığı illəri geridə qoyan Sərxan Nuriyev üçün qayıdış həm də itirilən illərin xatırlanmasıdır. O deyir ki, uşaqlığı və gəncliyi doğma şəhərində keçib. Bu səbəbdən Ağdama dönüş arzusu onun və onun kimi minlərlə keçmiş sakinin həyatında xüsusi yer tutub.
“Bu gün torpağımız azaddır, Allaha şükür olsun. Doğulduğumuz doğma torpaqda yaşamaq, bizim üçün böyük xoşbəxtlikdir”, - deyə o hisslərini dilə gətirir.