Qazi: Mənzillə təmin olunmağım dövlətimizin bizə verdiyi böyük dəyərin göstəricisidir VİDEO
Naxçıvan, 2 sentyabr, AZƏRTAC
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərdən biri də Naxçıvan şəhərində yaşayan baş leytenant İbrahim Cəlilovdur. Döyüşlər zamanı yaralanan və səhhəti ilə əlaqədar ehtiyata buraxılan baş leytenant İbrahim Cəlilov dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, bu günlərdə yeni mənzillə təmin edilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvanda şəhid ailələri və müharibə əlilləri üçün ayrılan 68 mənzildən biri qəhrəman qazimizə təqdim olunub.
İbrahim Cəlilov ilk hərbi təhsilinə 2010-cu ildə Heydər Əliyev adına Hərbi Liseydə başlayıb. Daha sonra 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini davam etdirib. 2017-ci ildə xidmətə başlayan İbrahim əvvəlcə taqım komandiri, daha sonra isə bölük komandiri kimi fəaliyyət göstərib.
Vətən müharibəsinin başladığı 2020-ci il sentyabrın 27-dən etibarən rəhbərlik etdiyi bölmə ilə döyüşlərə qatılan İ.Cəlilov ilk günlərdə Füzuli rayonu istiqamətində müxtəlif yüksəkliklərin və yaşayış məntəqələrinin azad olunmasında iştirak edib. Daha sonra Cəbrayıl və Xocavənd rayonları istiqamətində tapşırıqları yerinə yetirib. Ümumilikdə isə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının, eləcə də ətraf ərazilərin azad olunması uğrunda gedən əməliyyatlarda vuruşub.
O, 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində müxtəlif xəsarətlər və travmalar alıb. Təxliyə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ilkin tibbi yardım göstərilib və müvafiq müalicə kursu keçib. Uzunmüddətli müalicədən sonra səhhəti ilə əlaqədar ehtiyata buraxılıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə İbrahim Cəlilov “Vətən müharibəsi iştirakçısı”, "Şücaətə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ehtiyata buraxıldıqdan sonra da müalicələrinin davam etdirildiyini bildirən İbrahim Cəlilov qeyd edib ki, "YAŞAT" Fondu və aidiyyəti qurumlar tərəfindən ona lazımi dəstək göstərilib. Bu dəstək hesabına müalicələrini davam etdirib. Hazırda da müalicə alan qazi dövlət tərəfindən müxtəlif tibbi dərman və vəsaitlərlə təmin olunur.
İbrahim Cəlilov dövlət tərəfindən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan da danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdən sonra mənzil ehtiyacı olan şəxs kimi qeydiyyata alınıb və növbəti mərhələdə evlə təmin olunub. Yeni mənzil rahat yaşayış üçün bütün zəruri şəraitlə təmin edilib.
“Mənzillə təmin olunmağım dövlətimizin bizə verdiyi böyük dəyərin göstəricisidir”, - deyən qazi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, avqustun 19-da Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər yeni mənzillərlə təmin olunub. İbrahim Cəlilova təqdim edilən mənzil də dövlət qayğısının konkret ifadəsi olmaqla yanaşı, Vətən müharibəsi iştirakçısının sosial rifahının yüksəldilməsinə mühüm töhfədir. Bu addım bir daha göstərir ki, Vətən uğrunda xidmət edən insanların və onların ailələrinin sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Müxbir- Nail Əsgərov