Nizami kənd sakini: Təhlükəsizlik məqsədilə təxliyə olunduq, heç bir ziyanlıq olmadı VİDEO
Goranboy, 2 sentyabr, AZƏRTAC
Yatmışdıq gördük ki, bərk səs gəldi. Elə bildim ildırım düşdü. Çıxıb baxdım ki, yox, sursat anbarında yanğındır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Goranboy rayonunun Nizami kəndi yağınlığında sursat anbarında baş verən yanğınla müşayiət olunan partlayış barədə danışan sakin Namizəd Əsgərov bildirib.
“Yanğınla bərabər, partlayış da getdikcə güclənirdi. Gördük ki, icra hakimiyyətinin nümayəndələri, polis və aidiyyəti qurumların əməkdaşları kənddədir. Bildirildi ki, təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunacaq. Biz də gecə kənddən çıxdıq. Allaha şükür ki, hər şey yaxşıdır, heç bir ziyanlıq olmadı”, - deyə o əlavə edib.
Qeyd edək ki, gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Müxbir – Vüsalə Cənnətova