UN-Habitat-ın nümayəndəsi: Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi işlər digər ölkələr üçün vacib təcrübədir VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan minalardan təmizləmə prosesinin 95–96 faizindən çoxunu özü həyata keçirir və bu prosesə rəhbərlik edir. Bu, digər ölkələrin də Azərbaycanın həyata keçirdiyi mühüm və iddialı fəaliyyətdən öyrənə biləcəyi olduqca vacib təcrübə və mesajdır.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional İdarəsinin direktoru Erfan Ali jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, hər hansı münaqişədə və ya münaqişədən sonrakı vəziyyətdə şəhərlərin bərpası səylərinə başlamaq üçün ilk növbədə təhlükəsizliyin təmin olunması fundamental əhəmiyyət daşıyır. Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan hökumətinin minalardan təmizləmə sahəsində həyata keçirdiyi işlər son dərəcə vacibdir. Bu fəaliyyət şəhərsalma və yenidənqurma ilə bağlı növbəti mərhələlərə, o cümlədən şəhərlərin bərpasının planlaşdırılmasına şərait yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
“Şəhərlərin bərpası yaşayış binalarının, əsas xidmətlərin, ictimai obyektlərin, yolların, sosial infrastrukturun, xəstəxanaların, təhsil müəssisələrinin və məktəblərin yenidən qurulmasını əhatə edə bilər. Bununla yanaşı, enerji təminatı da şəhərlərin dayanıqlı şəkildə bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində insanların Qarabağa qayıdışına şərait yaradılması baxımından mühüm amildir”,- deyə o bildirib.