Metroda sərnişin sayı 27 faiz civarında azalıb, hazırda 20 stansiyada könüllülər fəaliyyət göstərir - REPORTAJ VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, avqustun 15-də “Bakı Metropoliteni”ndə xətlərin ayrılmasının əsas mərhələsinə başlanılıb. Yəni artıq 200 metrə yaxın tunelin inşası ilə əlaqədar “28 May”-“Nizami” stansiyaları arasında qatarların hərəkəti tam dayandırılıb. Bu səbəbdən Qırmızı xətt üzrə, yəni “İçərişəhər”-“Həzi Aslanov” olmaqla bir istiqamət, Yaşıl xətt üzrə “Dərnəgül”-“Nizami” stansiyaları arasında olmaqla qatarların hərəkəti təşkil edilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, layihənin icrasına başlanılan vaxtdan ötən 17 günün statistik mənzərəsinə əsasən, Bakı metrosunda sərnişin azalması 27 faiz civarındadır: “Bu, gözlənilən rəqəm idi. Xətlər üzrə isə təxminən 47 faiz - Yaşıl xətt, proqnozlaşdırıldığı kimi daha az - 15 faiz Qırmızı xətdə sərnişin sayında azalma var. Bənövşəyi xəttə də ümumilikdə nəzərə alsaq, qeyd etdiyim 27 faiz sərnişin azalması “Bakı Metropoliteni”ndə sərnişin axınının daha sabit olmasına təsirini göstərib. Əlbəttə ki, Yaşıl xətt üzrə azalma daha çox olduğundan, əsasən 50 faizdən yuxarı olmaqla bu xəttin əsas stansiyaları “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarıdır. Bu mənzərənin əvvəlcədən proqnozlaşdırıldığı nəzərə alınaraq, aidiyyəti məlumatlar təqdim edilib. Bunun əsasında əsas tənzimləyici qurum kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 6 ekspres marşrut müəyyən olunub. Bundan əlavə, iki xətt arasında stansiyalar üzrə hərəkət edən müntəzəm marşrut avtobuslarında gücləndirmə tədbirləri görülüb, həmin istiqamət üzrə əlavə avtobuslar ayrılıb”.
B.Məmmədov qeyd edib ki, hazırda da “Bakı Metropoliteni” davamlı olaraq statistik məlumatları, o cümlədən stansiyalar üzrə sərnişin sayında azalma barədə məlumatları Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim edir. Əlbəttə ki, qarşıdan yeni tədris mövsümü gəlir. “Bakı Metropoliteni”nin sərnişinlərinin təxminən 20-25 faizini məhz tələbə-müəllim kontingenti təşkil edir. Bu səbəbdən yeni tədris mövsümü ərəfəsində, “Bakı Metropoliteni”nin xətlərinin ayrılması elan olunduğundan, xüsusilə 1, 2 və 3-cü kurs tələbələrinin oxuduqları təhsil müəssisələrinin yerləşdiyi stansiyalara daha yaxın ərazilərdə məskunlaşması, mənzil kirayələməsi və ya yaşaması ilə bağlı seçimlər etdikdən sonra “Bakı Metropoliteni”ndə real mənzərəni müşahidə etmək mümkün olacaq.
Amma bu istiqamətdə araşdırmalara artıq “Bakı Metropoliteni” başlayıb və müxtəlif məlumatları toplayır. Buna uyğun olaraq, təbii ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də müvafiq monitorinqlər aparır. “Bakı Metropoliteni”ndə zərurət yaranarsa, könüllülərin sayının artırılması və stansiyalar üzrə əlavə işçi qüvvəsinin ayrılması tam təmin olunacaq. Məqsəd sərnişinlərin stansiyaların girişindən etibarən düzgün istiqamətləndirilməsi və avtobus marşrutlarından rahat istifadə etmələrinə şərait yaradılmasıdır. Hazırda 20 stansiya üzrə könüllülər fəaliyyət göstərir. Onlar hətta stansiyaların yerləşdiyi ərazilərdən keçən müntəzəm marşrut avtobusları barədə də sərnişinləri məlumatlandırırlar ki, insanların gediş-gəlişinin rahatlığı üçün maksimum kömək göstərilsin”.
“Bundan əlavə olaraq, zərurət yaranarsa, “Bakı Metropoliteni”ndə intervalların bundan sonra da azaldılması istiqamətində işlər görüləcək. Qeyd edim ki, Yaşıl və Qırmızı xətlər üzrə ənənə üzrə “Bakı Metropoliteni”nin nail olduğu əsas minimal interval 3 dəqiqə 30 saniyə idi. Artıq xətlər fiziki cəhətdən ayrıldığından, Qırmızı xətt üzrə, yəni “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 2 dəqiqə 30 saniyə intervala nail olunub, yəni 1 dəqiqə azaldılıb. Eyni zamanda, həm Qırmızı xətt üzrə, həm də Yaşıl xətt üzrə “Dərnəgül”-“Nizami” stansiyaları olmaqla intervalın daha da azaldılması istiqamətində texniki optimallaşdırma tədbirləri hazırda davam etdirilir. “Bakı Metropoliteni” bütün texniki, insan resursları imkanlarından istifadə edərək qarşıdakı dövrdə metropolitenə daxil olacaq sərnişinlərin rahatlığını təmin etmək üçün bütün mümkün tədbirlərin hər birisini görəcək”, - deyə o əlavə edib.