Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO
Berlin, 5 sentyabr, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində dünyanın ən böyük istehlak elektronikası və məişət texnikası sərgilərindən olan "IFA 2026" beynəlxalq sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, tarixi "Radio sərgisi" (Funkausstellung) ənənələrinə söykənən və dünyanın ən qədim sənaye platformalarından biri hesab edilən IFA bu gün qlobal innovasiyaların əsas mərkəzi kimi çıxış edir. Sentyabrın 8-dək davam edəcək möhtəşəm texnologiya forumu təkcə sənayenin son nailiyyətlərini nümayiş etdirmir, həm də gələcəyin rəqəmsal trendlərini müəyyənləşdirir.
Builki tədbirdə 50-dən çox ölkədən 1900-dən artıq aparıcı brend və texnologiya şirkəti təmsil olunur. Sərgini 140 ölkədən 220 minədək insanın, o cümlədən texnologiya mütəxəssislərinin, investorların və media nümayəndələrinin ziyarət edəcəyi gözlənilir.
"IFA 2026" çərçivəsində "ağıllı ev" ekosistemləri, yeni nəsil robototexnika, süni intellekt inteqrasiyalı məişət cihazları və gələcəyin nəqliyyat vasitələri - dronlar, avtomobillər daxil olmaqla, minlərlə innovativ məhsulun dünya premyerası keçirilir. Sərgi daxilində fəaliyyət göstərən "IFA Next" platforması startaplar və investorlar üçün strateji əməkdaşlıq imkanları yaradır, "IFA Global Markets" bölməsi isə beynəlxalq tədarükçülər üçün biznes əlaqələrini genişləndirmək imkanı təqdim edir.
Bu il sərgidə əsas diqqət inklüzivliyə və hamı üçün əlçatan texnologiyalara yönəldilib. "Hamı üçün innovasiya" konsepti rəqəmsal və fiziki məkanda müxtəlif sosial qrupların texnologiyaya inteqrasiyasını təmin etməyi hədəfləyir.