“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO
Şəki, 6 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən baş tacımız, mədəniyyət paytaxtımız Şuşada iki dəfə olmuşam. Əlbəttə, Şuşaya gedib müqəddəs Cıdır düzünü ziyarət etməmək mümkün deyil. Bir şəhid anası olaraq Cıdır düzündə olarkən həmin qayalıqlara, qəhrəman oğullarımızın böyük çətinliklərlə dırmaşaraq keçdiyi ərazilərə də baş çəkdim. İnsan bir anlıq düşünəndə ki, övladlarımız hansı çətinliklərə sinə gərib, nələrə qadir olublar, heyrətlənməyə və qürurlanmaya bilmirsən. O mənzərələri gördükcə onların göstərdiyi qəhrəmanlığın miqyasını daha dərindən anlayırsan. Bir ana, xüsusilə də şəhid anası kimi bu hissləri sözlə ifadə etmək çox çətindir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə məxsusi açıqlamasında şəhid mayor Aqşin Abdullayevin anası Dursun Cavadova bildirib.
Şəhid anası Cıdır düzündəki müşahidələrinə əsasən qeyd edib ki, oradakı daşların, qayaların üzərində çoxsaylı güllə dəliklərinin izləri var. Orada igid oğullarımızın ayaq izləri, qan izləri durarkən əlavə yazılar yazmaqla, nələrisə həkk etməklə biz canlı tariximizə ləkə vurmuş oluruq.
“Mən bir şəhid anası olaraq belə halları qınayıram. Çünki dövlətimiz hər zaman şəhid ailələrinin, qazilərin yanında olub. Şəhidlərin adlarının əbədiləşdirilməsi muzeylərdə, məktəblərdə ola bilər. Bu istiqamətdə də böyük işlər görülür”, – deyən Dursun Cavadova şəhid valideynlərinə müraciət edərək söyləyir ki, yaxşı olar, küçə və meydanlardan da bu şəkillər yığışdırılsın.
“Çünki dəfələrlə şahidi olmuşam ki, həmin şəkillər solub, yaxud hansısa səbəbdən zədələnib. Şəhidlərimiz üçün muzeylər təşkil olunur, məktəblərdə sinif otaqları fəaliyyət göstərir. Biz öz qəhrəmanlarımızı təhsil ocaqlarında yaşada və gələcək nəsillərə onların qəhrəmanlığından bəhs edə bilərik”, - deyən şəhid anası bunun üçün onlara yetərincə şərait yaradıldığını söyləyir.
Müxbir - Rasim İslamoğlu