SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalardan istifadə edir VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
SOCAR 2050-ci ilədək xalis sıfır emissiyaya nail olmağı, hasilat sektorunda metan intensivliyini isə 0,2 faizədək azaltmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" mövzusunda keçirilən sessiyada çıxışı zaman SOCAR-ın Ekoloji açıqlamalar və yaşıl məsələlər departamentinin rəhbəri Mustafa Qurbanlı deyib.
SOCAR-ın nümayəndəsi bildirib ki, şirkət qarşıya qoyulan məqsədlərə nail olmaq üçün beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq edir: “SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) həmtəsisçilərindən biridir, Neft və Qaz Metanı üzrə Tərəfdaşlığa (OGMP 2.0) qoşulub. Şirkət ilk hesabatını 2025-ci ildə təqdim edib. Metan emissiyalarının müəyyənləşdirilməsi və azaldılması məqsədilə SOCAR peyk, dron və yerüstü ölçmə texnologiyalarından istifadə edir. GHGSat ilə əməkdaşlıq nəticəsində qurudakı aktivlərdə mühüm emissiya mənbələri müəyyən edilərək aradan qaldırılıb. SOCAR, həmçinin BMT-nin Ətraf Mühit Proqramının MARS sistemi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 100 milyon kubmetrdən çox emissiyanın azaldılmasına və həmin metanın yenidən sistemə qaytarılmasına nail olunub. Neft Daşlarında aparılan yerüstü ölçmə kampaniyası zamanı isə 1 000-dən çox sızma müəyyən edilərək, aradan qaldırılıb”.
Mustafa Qurbanlı diqqətə çatdırıb ki, SOCAR metan emissiyalarının idarəolunmasında süni intellektdən də istifadə edir. Şirkətin daxilində hazırlanmış “Methane AI” proqramı emissiyaların prioritetləşdirilməsinə və potensial risklərin proqnozlaşdırılmasına imkan verir. Hazırda proqramın regional tərəfdaşlarla paylaşılması və inkişaf etdirilməsi istiqamətində iş aparılır.