Uşaqlara laboratoriya təcrübəsi ilə hidrogen qazının alınması öyrədilib VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Kimya fənninin tədrisi zamanı şagirdlərin nəzəri biliklərinin praktiki təcrübələrlə möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir.
Bakı şəhəri 161 nömrəli tam orta məktəbin kimya müəllimi Təranə Əmiraslanlı AZƏRTAC-a müsahibəsi zamanı şagirdlər üçün hidrogen qazının alınması və onun müəyyən edilməsi üsulunu də nümayiş etdirib.
Təcrübə zamanı alüminium folqa, mis (II) sulfat (CuSO₄) və xlorid turşusundan istifadə olunub. Müəllim təcrübənin gedişini şagirdlərə izah edərək bildirib ki, ilkin mərhələdə maddələr arasında kimyəvi reaksiya müşahidə olunur. CuSO₄ məhlulunun rəngində dəyişiklik baş verməsi də reaksiyanın getdiyini göstərən əlamətlərdən biridir.
Daha sonra alüminiumun xlorid turşusu ilə reaksiyası nəticəsində hidrogen qazının ayrılması müşahidə olunub. T.Əmiraslanlı şagirdlərə izah edib ki, yaranan qazın hidrogen olduğunu sübut etmək üçün onun yanma xüsusiyyətindən istifadə edilir. Qazın yanması zamanı eşidilən xarakterik “pax” səsi hidrogenin müəyyən edilməsinin klassik üsullarından biri kimi təqdim olunub.
Müəllim qeyd edib ki, bu cür praktiki məşğələlər şagirdlərin kimyəvi reaksiyaları yalnız nəzəri baxımdan deyil, əyani şəkildə dərk etməsinə, müşahidə və nəticə çıxarma bacarıqlarının formalaşmasına imkan yaradır.
161 nömrəli tam orta məktəbdə keçirilən laboratoriya təcrübələri şagirdlərin elmə marağının artırılmasına, kimya fənninin gündəlik həyat və real proseslərlə əlaqəsinin daha yaxşı anlaşılmasına xidmət edir.