BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Xəzər dənizinin üzləşdiyi ən ciddi çağırış insan fəaliyyətinin məcmu təsiri və bunun üzərinə iqlim dəyişmələrinin yaratdığı təzyiqdir.
Bu barədə AZƏRTAC-a açıqlamasında BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi, təşkilatın Layihə Xidmətləri Ofisinin (UNOPS) bir neçə ölkə üzrə direktoru Simonetta Siligato deyib.
O bildirib ki, sıx əhali, təbii ehtiyatlardan dayanıqlı olmayan istifadə və iqlim dəyişmələri Xəzər dənizində su səviyyəsinin azalmasına və biomüxtəlifliyə mənfi təsir göstərir. Bununla yanaşı, suyun duzluluğunun artması və çirklənmənin güclənməsi də müşahidə olunur.
“Düşünürəm ki, sahilyanı ölkələrin dialoq üçün bir araya gəlməsi və birgə fəaliyyət göstərməklə bağlı siyasi öhdəlik götürməsi çox vacibdir”, – deyə Simonetta Siligato vurğulayıb.
BMT rəsmisi qeyd edib ki, Xəzər dənizi ilə bağlı monitorinq məlumatlarının toplanması və bu məlumatlardan birgə planlaşdırmada istifadə edilməsi mühüm əhəmiyyət daşıyır: “BMT-nin Ətraf Mühit Proqramı Dünya Bankı və Qlobal Ətraf Mühit Fondu ilə maliyyələşmə çərçivəsində sahilyanı ölkələri birgə monitorinq sisteminin yaradılması məqsədilə bir araya gətirmək istiqamətində əməkdaşlıq edir. Birgə məlumat bazalarının yaradılması son nəticədə Xəzər dənizinin və onun unikal biomüxtəlifliyinin qorunmasına yönəlmiş fəaliyyət planlarının hazırlanmasına imkan verəcək”.