Sabiq baş nazir: Dövlət qurumları geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasına diqqət yetirməlidir VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Enerji, mobillik, resursların və dəyər zəncirlərinin idarə olunması sahələrində tələb və təklifi daha yaxşı əlaqələndirmək baxımından son 10-15 il ərzində özəl və dövlət sektorunun qəbul etdiyi qərarların artıq çoxsaylı nəticələrini görürük. Yeni xidmətlərin inkişafında sürətlənmə müşahidə olunur. Düşünürəm ki, onların geniş ictimaiyyət tərəfindən mənimsənilməsi də sürətlənir.
AZƏRTAC xəbər verir ki, bunu Belçikanın sabiq baş naziri Yves Leterme “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "COP29-dan İqlim Həftəsinə: Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu" adlı sessiyada çıxış edərkən deyib.
Sabiq baş nazir vurğulayıb ki, bu gün rəqəmsal texnologiyalar dünya vətəndaşlarının böyük əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilib: “Rəqəmsallaşma artıq bizə çoxsaylı imkanlar və ciddi irəliləyişlər qazandırıb. Bu gün milyardlarla qərar daha çox desentralizasiya olunmuş və fərdiləşdirilmiş şəkildə qəbul edilir. Rəqəmsal texnologiyaların yaratdığı bu böyük potensialdan istifadəni davam etdirməliyik. Bundan sonra dövlət qurumları nisbətən geridə qalan sahələrdə ciddi irəliləyişlərin əldə olunmasına və yeni imkanların reallaşdırılmasına diqqət yetirməlidirlər".