Fond rəhbəri: İstilik və elektrik enerjisi sektorları arasında inteqrasiyada rəqəmsal infrastruktur mühüm rol oynayır VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Dünyada ötən il enerjiyə qoyulan ümumi investisiyalara nəzər salsaq, düşünürəm ki, bunun təxminən üçdə ikisi – 2,3-2,4 trilyon ABŞ dolları həcmində vəsait – yaşıl enerjiyə yatırılıb. Bu investisiyaların təxminən 90 faizi Günəş və külək enerjisinin payına düşüb. Beləliklə, görürük ki, əsasən Günəş və külək enerjisi geniş miqyasda inkişaf etdirilir. Bu sahələrdə hələ də böyük inkişaf və genişlənmə potensialı mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Dünya İqlim Fondu təşkilatının təsisçisi və baş icraçı direktoru Jens Nielsen “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu" adlı sessiyada çıxış edərkən deyib.
Onun sözlərinə görə, Günəş və külək enerjisinə investisiyaların qlobal miqyasda genişləndirilməsi Kaliforniyada 1990-cı illərdə elektrik enerjisinin satın alınması haqqında uzunmüddətli müqavilələrlə – “Power Purchase Agreement” modelinin yaradılması ilə mümkün olub. O qeyd edib ki, bu model çərçivəsində elektrik enerjisinin 20 il və ya daha uzun müddət ərzində satın alınması ilə bağlı tələbat əvvəlcədən müəyyənləşdirilir. Bu yanaşma Günəş və külək elektrik stansiyaları kimi texnologiyaların istismar müddətinə də uyğundur:“Bu model sonradan bir sıra digər coğrafiyalarda da tətbiq olunub və hazırda əsas modellərdən birinə çevrilib. Hesab edirəm ki, bu infrastruktur modelindən təbiətin qorunması və digər infrastruktur qərarlarının həyata keçirilməsində də istifadə etmək mümkündür. Rəqəmsal infrastruktur olmadan bu sahədə genişmiqyaslı rəqabətli hərracların keçirilməsi mümkün olmazdı. Eyni zamanda, istilik və elektrik enerjisi sektorları arasında inteqrasiyanın təmin edilməsində də rəqəmsal infrastruktur mühüm rol oynayır. Düşünürəm ki, biz bu modellərdən daha çox öyrənməliyik. Burada əməkdaşlıq əsas şərtdir. Çünki həllər öz-özünə geniş miqyasda tətbiq olunmur. Tələbat tərəfi ilə yanaşı, təklif tərəfi üzərində də işləmək və səmərəli maliyyələşmə modeli formalaşdırmaq lazımdır".