Komitə sədri: Hibrid yaşıl dəhlizlər vasitəsilə bir-biri ilə əlaqəli sistemlər yaratmağı hədəfləyirik VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün, xüsusilə əlamətdardır. Bu, dayanıqlı və yaxşı planlaşdırılmış şəhər və ərazi inkişafının dözümlü icmalar və daha yaxşı həyat keyfiyyəti üçün təməl olduğuna dair anlayışımızı əks etdirir.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə doğru” mövzulu panel sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, şəhərlər və iqlim fəaliyyəti arasındakı əlaqə artıq ilk maarifləndirmə deyil, icra məsələsidir. Azərbaycan üçün WUF13 qlobal şəhərsalma gündəliyi ilə iqlim fəaliyyəti də daxil olmaqla daha geniş inkişaf prioritetləri arasında əlaqələri möhkəmləndirmək üçün bir imkan idi. "Bakı Fəaliyyət Çağırışı" isə bu prosesin mühüm nəticəsidir. Bu sənəd inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, adekvat və dözümlü mənzil təminatı, yaşıl transformasiya, daha güclü tərəfdaşlıqlar və insanyönümlü şəhər inkişafı üçün aydın istiqamət müəyyən edir. İndi əsas vəzifə dinamikanı irəli aparmaqdır.
“Azərbaycan bu prinsipləri təcrübəsi vasitəsilə irəli aparır və yaşıl infrastruktura, daha balanslaşdırılmış şəhər inkişafına, dözümlülüyə böyük önəm verir. Çoxmərkəzli yanaşma vasitəsilə plan əlçatanlığını, yaşayış rahatlığını və ətraf mühitin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, daha balanslaşdırılmış şəhər strukturu yaratmağı hədəfləyir. Lakin bizim ambisiyamız, sadəcə, yaşıl sahələrin həcmini artırmaqdan kənara çıxır. Hibrid yaşıl dəhlizlər vasitəsilə eyni vaxtda iqlimə uyğunlaşmanı, biomüxtəlifliyi, ictimai sağlamlığı və dayanıqlı mobilliyi dəstəkləyən bir-biri ilə əlaqəli sistemlər yaratmağı hədəfləyirik”,- deyə Anar Quliyev vurğulayıb.