Mürsəl Rüstəmov: Qarabağda sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir VİDEO
Xocalı, 8 sentyabr, AZƏRTAC
Qarabağda dəfələrlə maarifləndirmə tədbirləri keçirmişik. Təkcə 2026-cı ildə 73 belə tədbir təşkil olunub. Bu tədbirlərdə 230-dan çox işəgötürən və 3 mindən çox işçi iştirak edib.
AZƏRTAC xəbər verir ki, bunu Xocalıda jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tabeliyində olan Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov söyləyib.
Xocalıda yaradılan “Qarabağ Tekstil Evi”nin əmək mühafizəsi sahəsində nümunəvi müəssisə kimi seçildiyini vurğulayan M.Rüstəmov deyib: “Bizim “Nümunəvi müəssisə” layihəmiz var. “Qarabağ Tekstil Evi”ni Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu statusa layiq görmüşük. Burada sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, əmək mühafizəsi qaydalarına əməl olunması istiqamətində müəssisə ilə birlikdə bir sıra işlər həyata keçirilib. Bundan sonra da bu fəaliyyət davam etdiriləcək”.
Mərkəzin İdarə Heyətinin sədri bildirib ki, nümunəvi müəssisələr seçilərkən əsas meyarlar əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanması, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də əmək mühafizəsi tələblərinə əməl olunmasıdır.
“Bu gün müəssisədə gördük ki, əmək mühafizəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilib. Qarabağda bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və növbəti mərhələdə digər müəssisələrdə də maarifləndirmə işləri aparacağıq”, – deyə M.Rüstəmov əlavə edib.