Jalə Ələkbərzadə: Dayanıqlı moda ətraf mühitə və təbiətə yeni baxışımızdır VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Dayanıqlı moda təkcə dəb deyil, həm də ətraf mühitə və təbiətə yeni baxışımızdır. Ötən il ilk dəfə dayanıqlı moda nümayişi təşkil etmişdik. Nümayişdən əvvəl dəyirmi masa keçirilmişdi. Həmin tədbirdə Azərbaycanın dayanıqlı moda sahəsində fəaliyyət göstərən bir sıra dizaynerləri iştirak edirdilər. Bu il isə tədbirə Qazaxıstan, Türkiyə və digər ölkələrdən də müxtəlif dizaynerlər qoşulublar.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı İqlim Fəaliyyəti Həftəsinin dəyirmi masalarının aparıcı koordinatoru Jalə Ələkbərzadə deyib.
O bildirib ki, dayanıqlı moda anlayışı yalnız insanların gözəl görünməsi və dəbə uyğunlaşması kimi qiymətləndirilmir. Əsas məqsəd ətraf mühitin və təbiətin qorunmasına töhfə vermək, bu istiqamətdə həyata keçirilən təşəbbüsləri dəstəkləməkdir.
“Ümid edirəm ki, builki dayanıqlı moda nümayişimiz gələn il dünyanın müxtəlif ölkələrindən daha çox dizaynerin bu təşəbbüsə qoşulmasına, eləcə də tədbirin regional miqyasının daha da genişlənməsinə imkan yaradacaq”, – deyə Jalə Ələkbərzadə qeyd edib.