CECECO-nun icraçı direktoru: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-un nəticələrini irəli aparır VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsinin COP29-un davamı kimi keçirilməsi Azərbaycanın iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir.
Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova deyib.
Bildirib ki, CECECO artıq ikinci dəfədir Bakı İqlim Fəaliyyəti Həftəsində iştirak edir. Bu il keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində də İƏT-in Təmiz Enerji Mərkəzinin təşkilatçılığı ilə davamlı enerji mərkəzlərinin iqlim dayanıqlığının gücləndirilməsi və təmiz enerjiyə keçidin təşviqində roluna həsr olunmuş dəyirmi masa keçiriləcək. Bu dəyirmi masanın mövzusunda davamlı enerji mərkəzlərinin ilim dayanıqlığında və təmiz enerjiyə keçidin təşviq olunmasında dayanıqlı enerji mərkəzlərinin roluna həsr olunacaq.
Onun sözlərinə görə, CECECO BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) təmiz enerji mərkəzlərinin qlobal şəbəkəsinin bir hissəsidir. Bu kontekstdə bu məsələləri müzakirə etmək üçün Misir və Vyanadan olan tərəfdaşların da iştirakı nəzərdə tutulur.
İƏT rəsmisi qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində enerji səmərəliliyi və təmiz enerjiyə keçidin iqlim dayanıqlığına və iqlim dəyişmələri ilə mübarizəyə töhfəsi ilə bağlı fikir mübadiləsi aparılır.
“Burada müxtəlif yerli təşkilatlarla yanaşı, beynəlxalq və regional tərəfdaşların fikirlərini eşitmək və fikir mübadiləsi aparmaq bizim üçün əhəmiyyətlidir”, – deyə A.Yaqubova vurğulayıb.
Əlavə edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin BMT-nin regional İqlim Həftəsi ilə eyni dövrə təsadüf etməsi iştirakçılıq və təmsilçilik baxımından xüsusi əhəmiyyət daşıyır.
“Qlobal iqlim gündəliyində olan məsələlərin Bakıda müxtəlif təşkilatlar tərəfindən yenidən müzakirəyə çıxarılması COP29 prosesinin davamı kimi qiymətləndirilə bilər. Bu, COP29-un Azərbaycan üçün yalnız birdəfəlik tədbir olmadığını, iqlim məsələlərinin ölkənin gündəliyində daim mühüm yer tutduğunu və bu istiqamətdə fəaliyyətin davam etdiyini və sadiqliyini göstərir”, – deyə A.Yaqubova bildirib.