Kristian Mensah: Məqsədimiz öhdəliklərin real fəaliyyətə çevrilməsi üçün zəruri şəraitin yaradılmasıdır VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Bizim rolumuz hökumətləri biznes, investorlar, şəhərlər, regionlar, cəmiyyət və dövlət iştirakçısı olmayan digər tərəflərlə bir araya gətirməklə iqlim sahəsində qarşıya qoyulan məqsədlərlə iqtisadiyyatın bütün sahələrində görülən işlər arasında əlaqə yaratmaqdır. Məhz buna görə biz iqlim çempionu kimi sizin yanınızdayıq. Bizim məsuliyyətimiz yalnız öhdəliklərin təşviqindən ibarət deyil. Əsas məqsədimiz bu öhdəliklərin real fəaliyyətə çevrilməsi üçün zəruri şəraitin yaradılmasına kömək etməkdir. Hamımız bunu bilirik və görünür, bunu dəfələrlə təkrarlayırıq.
AZƏRTAC xəbər verir ki, bunu COP31 üzrə Yüksək Səviyyəli İqlim Çempionunun baş məsləhətçisi Kristian Mensah “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi" adlı dəyirmi masada çıxış edərkən deyib.
"Məhz buna görə hesab edirəm ki, COP31 real dəyişiklik yarada bilər. Bu baxımdan “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın əhəmiyyəti böyükdür. Çünki bu təşəbbüs proses irəlilədikcə əldə olunan nəticələrin möhkəmləndirilməsinə xidmət edir. İcra prosesində davamlılıq və insanların maraqlarının mərkəzdə saxlanılması, eləcə də bütün səylərin bir-birini tamamlaması vacibdir. İnsanlar diqqət mərkəzində olmalıdırlar. Günün sonunda biz istədiyimiz qədər siyasi bəyanatlar verə bilərik. Lakin bunlar insanların həyatına təsir etmirsə, sadəcə, növbəti bir sənəd və ya bəyanat olaraq qalacaq. İqlim gündəliyini yalnız hökumətlərin səyləri ilə irəli aparmaq mümkün deyil. Hökumətlər əlverişli mühit yaradır və siyasi istiqamət müəyyən edir. Biznes investisiya qoyur, şəhərlər layihələri həyata keçirir, maliyyə institutları kapitalı səfərbər edir, innovatorlar həllər hazırlayır, vətəndaş cəmiyyəti isə görülən tədbirlərin inklüziv və hesabatlı olmasını təmin etməyə kömək edir", - deyə K. Mensah vurğulayıb.