Xaçmazdakı “Təhsil” istirahət mərkəzində 700-ə yaxın tələbənin iştirakı ilə düşərgə təşkil edilib VİDEO
Xaçmaz, 9 sentyabr, AZƏRTAC
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” istirahət mərkəzində “Şəhərsalma və memarlıq: gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir ETİHİ Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Tədbirdə ETİHİ sədri Araz Paşayev, sədrin müavini Mirzə Cəfərzadə çıxış ediblər.
Vurğulanıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşünməyə çağırıb. Professor gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxışında son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından, həmçinin peşə təhsili müəssisələrində yüksəkixtisaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar, futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
Müxbir - Elxan Yusifli