Rauf Cabarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı görüləsi işlər çoxdur VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Ölkəmizdə rəqəmsallaşma ilə bağlı çox ciddi işlər aparılır və bu il Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş rəqəmsallaşma ilə bağlı inkişaf üzrə fəaliyyət planı bir çox istiqamətləri müəyyənləşdirib. Amma, eyni zamanda rəqəmsallaşma ilə paralel olaraq kibertəhlükəsizliyin də önəmi dəfələrlə artır. Bu səbəbdən fərqli sahələrdə kibertəhlükəsizliyə xüsusi diqqət ayırmaq lazımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov söyləyib.
"Bir çox hallarda dövlət sektorunda, özəl sektorda kibertəhlükəsizliyə yüksək diqqət ayrılır və buna yönəlmiş bir çox işlər aparılır. Amma QHT sektorunda, vətəndaş cəmiyyəti ilə bağlı işləri daha çox artırmağa ehtiyac var. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Milli QHT Forumu birlikdə kibertəhlükəsizlik məsələlərini daha geniş miqyasa qaldıra bilər və bu qaydaları rəsmi sənədə çevirərək bütün QHT-lərə yaymaq imkanımız ola bilər. Bu, QHT-lərin rəqəmsallaşma ilə bağlı hazırlığını gücləndirəcək və onları müəyyən təhlükələrdən qoruyacaq",- deyə R.Cabarov əlavə edib.