Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Təhlükəsizlik baxımından məsələlərə yanaşanda əsasən iki istiqamət daha çox diqqət cəlb edir. Birincisi, məzmunla bağlı təhlükəsizlikdir, ikincisi isə texniki baxımdan təhlükəsizlik məsələləridir. Yəni biz kibertəhlükəsizlik deyəndə, onlayn mühitdə, yeni media dövründə təhlükəsizlikdən danışanda bu iki komponentin hər ikisinə mütləq toxunmaq lazımdır.
Əlbəttə, əsas məsələ burada məzmun təhlükəsizliyidir. Çünki yaşadığımız dövrdə dezinformasiyanın həcmi kifayət qədər çoxdur və hətta təsadüfi deyil ki, Davos İqtisadi Forumu bu dezinformasiyanı dünya üçün risklər arasında ikinci sırada yerləşdirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, texniki təhlükəsizlik məsələsini də nəzərdən qaçırmaq olmaz: "Çünki biz ekstremal vəziyyətlərdə görürük ki, məsələn, İkinci Qarabağ müharibəsinin aktiv vaxtında bizim media subyektlərinin, bəzi QHT-lərin, beyin mərkəzlərinin saytlarına da hücumlar oldu. Onların saytlarının dağıdılması, informasiyadan kənar qoyulması və sair kimi hallar baş verdi.
Bu baxımdan bizim vətəndaş cəmiyyəti institutları, xüsusi olaraq qeyri-hökumət təşkilatları, eyni zamanda, media qurumları hər iki istiqamətdə həm öz təhlükəsizliklərinin təmin olunması ilə bağlı addımlar atırlar, həm də bu sahədə maarifləndirmə işinin aparılmasına öz töhfələrini verirlər.
Bununla paralel olaraq, ümumilikdə informasiya məkanımızın dezinformasiyalardan qorunmasında və onlayn mühitin, onlayn məkanın təhlükəsiz saxlanılmasında qeyri-hökumət təşkilatlarının rolu böyükdür. Onlar həm istehsal etdikləri məzmunla bu sahədə düzgün fikrin və məlumatın yayılmasına töhfə verirlər, həm də xaricdən istehsal olunaraq Azərbaycanın informasiya məkanına yönəlmiş dezinformasiyaların ifşa olunmasında böyük rol oynayırlar".