Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO
Ağdam, 9 sentyabr, AZƏRTAC
Mən Türkiyədən, Qars şəhərindən gəlmişəm. Biz bu ərazilərdə vaxtilə törədilən zülmləri media vasitəsilə görürdük. Özümüz bura gəlib həmin yerləri ziyarət etmək istəyirdik. Bizə bu imkan yaradıldı və gəlib hər şeyi öz gözlərimizlə gördük.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdama səfər edən türkiyəli din xadimi Yılmaz Özkaya deyib.
İşğal dövründə ibadət yerlərinin, məscidlərin ermənilər tərəfindən dağıdıldığını bildirən türkiyəli din xadimi Qarabağ azad olunandan sonra Azərbaycan dövləti tərəfindən aparılan bərpa işlərindən məmnunluğunu ifadə edib.
“Qısa müddətdə ibadət yerləri bərpa edilib. Gördüyümüz kimi, burada böyük bərpa işləri həyata keçirilib. Buna görə təşəkkürümüzü bildiririk”, - deyə o vurğulayıb.
Türkiyəli din xadimi Ağdamda gördüyü mənzərələrdən dərin təsirləndiyini bildirib.
“Müharibə dövründə uşaqlar və qadınlar toxunulmaz olmalıdır. Lakin Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı. Məzarlarda uşaqların və qadınların şəkillərini gördük. Bu, müharibə zamanı yol verilməməli olan bir əməldir və həqiqətən də vandalizmdir”, - deyə Yılmaz Özkaya əlavə edib.
Müxbir – Tahir Ağaməmmədov