Səbinə Hacıyeva: Zəngin tariximiz işğal dövründə böyük zərər görüb VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Əsrlərlə ölçülən zəngin tariximiz işğal dövründə böyük zərər görüb və bu, böyük faciədir. Tarix boyu mədəni irs münaqişələrin və fəlakətlərin ilk qurbanlarından biri olub. Münaqişələr abidələrin dağıdılması, qarət edilməsi və qanunsuz aparılmasından əlavə, həm də ənənələri pozur, icmaları zəiflədir, insanları öz tarixinə və bir-birinə bağlayan mədəni kimliyi və yaddaşı təhlükə altına alır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva söyləyib.
Dövlət Xidmətinin rəhbəri irsin qorunmasının təkcə keçmişi saxlamaq deyil, həm də insan ləyaqətini müdafiə etmək, dözümlülüyü möhkəmləndirmək və davamlı sülhün təməlini qoymaq olduğunu vurğulayıb. O, onilliklər ərzində işğal təcrübəsi yaşamış bir ölkə kimi Azərbaycanın həm münaqişələrin dağıdıcı nəticələrini, həm də bərpa prosesinin dəyişdirici gücünü yaxşı anladığını diqqətə çatdırıb.
Fotoqraf - Azər İbrahimov