Fariz İsmayılzadə: Ekoloji problemlərə qarşı birgə səylərimizi genişləndirməliyik VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Türk dövlətləri arasında siyasi, iqtisadi, sosial və humanitar sahələrdə böyük inteqrasiya, dialoq və əməkdaşlıq mövcuddur. Lakin biz ekoloji problemlər, texnoloji çətinliklər, həmçinin mədəniyyət abidələrinin dağıdılmasına qarşı birgə səylərimizi genişləndirməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
O qeyd edib ki, gənc nəsil mütəxəssislərin hazırlanmasını problemlərin həlli istiqamətində olduqca vacibdir. “Son bir neçə ildə Türk dövlətləri arasında tələbə mobilliyinin artdığını, Türk universitetləri ilə mübadilə proqramlarının həyata keçirildiyini görürük. Bəlkə də artıq ekoloji məsələlərə, su resurslarının idarə olunmasına, bərpaolunan enerji ilə bağlı məsələlərə daha dərin diqqət yetirən birgə magistr proqramının təsis edilməsinin vaxtıdır”.
Fotoqraf - Azər İbrahimov