Nigar Arpadarai: Gənclərin iqlim fəaliyyətində rolu mütləqdir VİDEO
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsini bundan sonra da keçirmək, bütün cəmiyyəti bir araya gətirmək və iqlim məsələlərinin müzakirəsini genişləndirmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu prosesi gənclərsiz təsəvvür etmək mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Bakıda "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "II LCOY Azərbaycan 2026 - II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı"nda çıxışı zamanı deyib.
O bildirib ki, iqlim mövzuları olduqca geniş və texniki xarakter daşıyır: “İqlim yalnız ekologiya məsələsi deyil. Bu, həm sosial, həm səhiyyə, həm də iqtisadiyyat məsələsidir. İqlim çağırışları və iqlim dəyişmələri ilə mübarizə haqqında danışarkən bütün bu aspektlər nəzərə alınmalıdır. Məhz buna görə COP prosesi bu qədər geniş və mürəkkəbdir. Bu, sadəcə konfrans deyil. Burada dövlət qurumları, hökumətlər, qeyri-dövlət aktorları, özəl sektor və mütləq şəkildə gənclər iştirak etməlidir”.
Nigar Arpadarai gənclərin fərqli düşüncə tərzinə və yanaşmalarına diqqət çəkərək, onların iqlim gündəliyində fəal iştirakının vacibliyini vurğulayıb.
“Gənclərin verdiyi suallar fərqlidir. Bu, onların gətirdiyi gözəllikdir. Çünki gələcək sizin əllərinizdədir və bu gün qəbul olunan qlobal qərarlar gələcəkdə sizin həyatınıza çox təsir edəcək”, – deyə o qeyd edib.
Nigar Arpadarai gənclərin ətraf mühitlə bağlı tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirərək, bunun onların gələcəkdə qərarverici rollarda olmaq ambisiyalarını göstərdiyini bildirib.
O, həmçinin süni intellektin və rəqəmsallaşmanın həyatın bütün sahələrinə təsir etdiyini, bununla yanaşı əmək bazarında və qlobal geosiyasi mühitdə mühüm dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb.
“İqlim mövzusundan danışırıqsa, yaşıl iqtisadiyyata keçidlə bağlı ixtisasların və fakültələrin önəmi çox-çox artacaq. Ona görə siz düzgün yerdəsiniz. Biz də hər zaman sizi dəstəkləməyə hazırıq. Əsas odur ki, siz gələcəyinizi əlinizdə möhkəm saxlayasınız və nə istədiyinizi çox gözəl biləsiniz”, – deyə Nigar Arpadarai vurğulayıb.