BCAW2026: “İqlimə dözümlü gələcək üçün innovasiyaların sürətləndirilməsi” mövzusunda müzakirə aparılıb VİDEO
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlimə dözümlülük texnologiyaları: İqlimə dözümlü gələcək üçün innovasiyaların sürətləndirilməsi” mövzusunda müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iqlim dəyişmələrinin iqtisadiyyat, infrastruktur, ərzaq və su təhlükəsizliyi, eləcə də biznesin davamlılığına təsirləri diqqətə çatdırılıb. Eyni zamanda, iqlim risklərinin əvvəlcədən müəyyənləşdirilməsi və onların təsirlərinin azaldılmasında innovativ texnologiyaların imkanları müzakirə olunub.
“EY Azerbaijan” şirkətinin böyük meneceri Mirzə Əliyev bildirib ki, iqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ və ya ekoloji çağırış deyil. Onun sözlərinə görə, iqlim dəyişmələri getdikcə iqtisadi artım, infrastrukturun dayanıqlılığı, ərzaq və su təhlükəsizliyi, həmçinin biznesin fasiləsiz fəaliyyəti üçün ciddi çağırışa çevrilir.
Milli Aviasiya Akademiyasının nümayəndəsi Camal Hüseynov iqlim dəyişmələrinin yaratdığı risklərə qarşı mübarizədə müasir texnologiyaların və elmi yanaşmaların əhəmiyyətindən danışıb. O, innovativ həllərin tətbiqinin müxtəlif sahələrdə dayanıqlılığın artırılmasına, risklərin daha düzgün qiymətləndirilməsinə və mümkün fəsadların minimuma endirilməsinə imkan verdiyini vurğulayıb.
“Azərkosmos”un rəsmisi Murad Camalov isə iqlimə dözümlülük texnologiyalarının iqlim risklərinin monitorinqi və qabaqcadan qiymətləndirilməsində roluna diqqət çəkib. Bildirib ki, bu texnologiyalar hökumətlərə, bizneslərə və icmalara iqlimlə bağlı mümkün fasilələri və təhlükələri əvvəlcədən müəyyənləşdirməyə, onlara hazırlaşmağa və daha effektiv, vaxtında cavab tədbirləri görməyə kömək edir.
Tədbirdə iqlimə davamlı gələcəyin formalaşdırılması üçün innovasiyaların sürətləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, yeni texnologiyaların tətbiqi və iqlim risklərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.