Doğma yurduna 3 övladı ilə qayıdan Elbir İsmayılov: Onlar mənim uşaqlıq xatirələrimi yaşayırlar VİDEO
Xocavənd, 14 sentyabr, AZƏRTAC
“Dörd qardaşım və ata-anamla 1992-ci ildə Muğanlı kəndindən məcburi köçkün düşdük. Üç yaşım olmasına baxmayaraq, müharibə günlərini, od-alovlu anları, atəş səslərini hələ də xatırlayıram. Necə ağlayaraq evlərin arxasında gizləndiyimizi, göydən alov kimi yağan “Alazan” raketlərini unuda bilmirəm. Çox dəhşətli idi...”
Bu acı xatirələri danışan Elbir İsmayılovun 1992-ci ildə kəndlərindən məcburi köçkün düşəndə cəmi 3 yaşı var idi. Uşaqlıq yaddaşına həkk olunan o qorxulu anlar illərlə hiss etdiyi Vətən nisgili ilə əvəzləndi.
İndi Elbir İsmayılov doğma yurduna – Xocavəndə qayıdıb və öz ailəsi ilə birgə ata ocağında yeni həyata başlayıb.
AZƏRTAC-ın bölgə müxbirinin Xocavəndin Qırmızı Bazar qəsəbəsindən hazırladığı reportajı təqdim edirik.
Doğma yurduna qovuşan Elbir İsmayılov Qırmızı Bazar qəsəbəsində məskunlaşıb. Onunla elə məhəllədə, arıxanaya gedərkən görüşürük. Sonra qəsəbənin digər sakini Xudaverdi Namazovun həyətyanı sahəsində yerləşən arıxanaya yollanırıq. Burada qışa hazırlıq işləri artıq yekunlaşıb, arı ailələri növbəti mövsümə hazırlanır.
Söhbətimiz zamanı Elbir İsmayılovun ailəsinin ötən ilin sentyabrında Qırmızı Bazara ilk köçən 10 ailədən biri olduğunu öyrənirik. Doğma yurda qayıtdıqdan sonra Qarabağın zəngin təbiətinin arıçılıq üçün əlverişli olduğunu nəzərə alaraq, bu sahə ilə məşğul olmağa başlayıb: "Xocavəndə qayıtdıqdan sonra burada arıçılıq təsərrüfatı yaratdım. Əvvəlcə 4 arı ailəsi saxlayırdım. Bir il keçməsinə baxmayaraq, artıq 19 arı ailəm var. Arıların bir qismi həmkəndlim Xudaverdi Namazovun həyətindədir, birlikdə baxırıq. İlk məhsulumuzu da bu il götürmüşük. Təsərrüfatda ana arılar da yetişdiririk və növbəti illərdə işimizi daha da genişləndirəcəyik".

Mart ayında qəsəbəyə köçən Xudaverdi Namazov da doğma yurda qovuşmağın qürurverici olduğunu vurğulayıb. Şəhid atası olan həmsöhbətim qeyd edib ki, bu yerlərə fərəhlə və qürurla qayıdıb. “Şəhidlərimizin qanı bahasına azad olunan bu torpaqlar bizə yadigardır. Gözəl təbiətimizin qoynunda yaşamaq bizə sanki yeni həyat bəxş edib. Buraya gələndən sonra özümü çox gümrah hiss edirəm. Artıq arı təsərrüfatı yaratmışıq, ailələrin sayını artırırıq", - deyə o bildirib.
Arıxanada işlər bitdikdən sonra Elbir İsmayılovun evinə qonaq oluruq. Məhəllədə oynayan uşaqların səsi ətrafa yayılır. Həyətdə qış tədarükü görülür, evin xanımı turşu hazırlayır. Kənarda tüstüləyən samovar isə bu mənzərəyə xüsusi rəng qatır.
Sonra süfrəyə çayla yanaşı, Qarabağın böyürtkənindən hazırlanmış mürəbbə, ailənin öz təsərrüfatından əldə etdiyi bal və digər nemətlər düzülür.
Ailə başçısı Elbir İsmayılov söhbət zamanı 1989-cu ildə anadan olduğunu, dörd qardaşı və ata-anası ilə birlikdə 1992-ci ildə məcburi köçkün düşərək Beyləqan rayonu ərazisində məskunlaşdıqlarını bildirib. Əvvəlcə çadırlarda və kərpic tikililərdə yaşadıqlarını qeyd edən E.İsmayılov sonradan Ulu Öndər Heydər Əliyevin diqqəti sayəsində məcburi köçkünlər üçün evlərin tikildiyini, qəsəbələrin salındığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu tədbirlərin daha da genişləndirildiyini və yaşayış şəraitlərinin yaxşılaşdırıldığını vurğulayıb.

E.İsmayılov yaşa dolduqca Vətən həsrətinin daha da artdığını, lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində və 2023-cü ilin antiterror tədbirləri nəticəsində torpaqlarımızın azad olunması ilə bu həsrətə son qoyulduğunu bildirib.
İllər sonra ata ocağına qayıdış anını xatırlayan kənd sakini təəssüratlarını bölüşərək deyib: "Torpaqlarımız azad edildikdən sonra qardaşımla Muğanlı kəndinə getmişdik. Evimizdən geriyə təkcə dağılmış divar qalıqları qalmışdı. Bir anlıq 3 yaşıma qayıtdım, o güllə səsləri yenidən qulağımda cingildədi. Amma artıq həsrət bitib. Ötən ilin sentyabrında Qırmızı Bazar qəsəbəsinə köçən ilk 10 ailədən biri də biz olduq".
“Burada bizim üçün hər bir şərait yaradılıb. Qəsəbəyə ilk gəldiyimiz vaxtlarda uşaq sayı az olduğu üçün xüsusi avtobus ayrılmışdı və uşaqlar Füzuli şəhər məktəbində təhsil alırdılar. Əhali sayı artdıqca qəsəbədə yeni məktəb fəaliyyətə başladı, uşaqlarımız da artıq burada oxuyurlar. Vaxtilə 3 yaşımda ikən məcburi köçkün düşdüyüm yurdumuza indi 3 övladımla qayıtmışam. Onlar mənim yarımçıq qalan uşaqlıq xatirələrimi burada yaşayırlar", - deyə E.İsmayılov əlavə edib.
Onun sözlərinə görə, dövlət sakinlərin məşğulluğunun təminatı üçün mütəmadi işlər görür. Arıçılıqla yanaşı, xırda biznes fəaliyyəti də qurub. Elbir övladlarının doğma yurdda təhsil almasının və xoşbəxt yaşamasının onlar üçün ən böyük xoşbəxtlik olduğunu diqqətə çatdırıb. Bu günləri onlara yaşatdıqlarına görə Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlığını ifadə edib, şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Ailənin böyük övladı Məhəmməd üçün də Qırmızı Bazarda həyat yeni başlanğıcdır. Ötən il qəsəbəyə köçdükdən sonra 7-ci sinfə Qarabağda başladığını bildirən Məhəmməd bir vaxtlar böyüklərindən eşitdiyi bu yerlərin təbiətinin gözəlliyini indi öz gözləri ilə gördüyünü deyir.
Məhəmməd əvvəlcə Füzulidəki məktəbə gedib, qəsəbələrində məktəb istifadəyə verildikdən sonra isə təhsilini elə burada davam etdirdiyini bildirib. “Bu qış ilk dəfə doyunca qartopu oynadım. O qədər gözəl idi ki, çoxlu qar yağmışdı. Yazı da gözəl olur”, - deyən M.İsmayılov gələcəkdə təhsilini Qarabağ Universitetində davam etdirmək istəyir.
Beləliklə, söhbətimizi yekunlaşdırıb Qırmızı Bazardan ayrılırıq. Bir vaxtlar yalnız xatirələrdə yaşayan küçələr və evlər bu gün uşaq gülüşləri ilə yenidən nəfəs alır. Xocavəndə qayıdan hər bir sakin, hər bir ailə öz hekayəsi ilə burada yeni həyatın təməlini qoyur, yeni və xoşbəxt başlanğıclara imza atır.
Müxbir - Aydın Yavərzadə