Baş katib: Seyyid Yəhya Bakuvi irsi bilik, mənəviyyat, müdriklik və insan ləyaqətinə hörmət ənənəsini yaşadır VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Şeyx Seyyid Yəhya Bakuvi ortaq irsimizin ən dəyərli istiqamətlərindən birini – bilik, mənəviyyat, mötədillik, müdriklik və insan ləyaqətinə hörmət üzərində qurulmuş İslam ənənəsini təmsil edir. Onun intellektual və mənəvi irsi xatırladır ki, İslam heç zaman elmə can atmaqdan və insanın inkişafından ayrı olmayıb. Bu baxımdan Şeyx Seyyid Yəhya Bakuvinin irsi yalnız tarixi məsələ deyil. Bu irs həm də bu günümüz və gələcəyimiz üçün mühüm mesajdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən I Beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Baş katib qeyd edib ki, Türk dünyası zəngin və bir-biri ilə sıx bağlı olan İslam irsinə malikdir. Bakı və Şamaxıdan Türküstana, Səmərqəndə, Buxaraya, Bursaya qədər şəhərlər və elmi-mədəni mərkəzlər nəsillərlə alimlərin fəaliyyətinə ev sahibliyi edib, müsəlman dünyasının intellektual və mənəvi mənzərəsinin formalaşmasına mühüm töhfələr verib.