Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının Müftilər Şurasının 7-ci iclası məhsuldar keçib və dövlətlər arasında dini-mədəni dialoqun möhkəmləndirilməsi üçün mühüm platformaya çevrilib.
Bunu Qırğızıstan müftisinin müavini Rafail Tatikov AZƏRTAC-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, iclas çərçivəsində müasir dövrün aktual məsələləri müzakirə olunub.
“Bundan əvvəl fətvalar şöbəsinin iclası keçirilib və burada müxtəlif müasir məsələlərə baxılıb. Xüsusilə də süni intellektdən istifadə etməyin mümkün olub-olmaması və süni intellektin bizə fətvalar verib-verə bilməyəcəyi müzakirə edilib. Digər aktual məsələlərə də baxılıb”, – deyə R.Tatikov əlavə edib.
Belə görüşlər türk dövlətlərinin daha da yaxınlaşmasına xidmət edir: “Belə toplantılar, ilk növbədə, dövlətlərimizi bir-birinə yaxınlaşdırır, dini və mədəni dialoqun möhkəmləndirilməsi üçün şərait yaradır. Bizim dillərimiz yaxındır, ortaq mədəniyyətimiz və oxşar ənənələrimiz var. Buna görə də belə əməkdaşlıq bu sahədə daha məhsuldar ünsiyyət və gələcəkdə daha da yaxınlaşma üçün platforma yaradır”.