Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bakı şəhəri Eldar Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib. Nazir təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimlərin peşəkarlığının, məktəb rəhbərliyinin səmərəli fəaliyyətinin və şagirdlərin öyrənməyə motivasiyasının əhəmiyyətini qeyd edib.
Emin Əmrullayev şagirdləri yeni bilik və bacarıqlar əldə etməklə yanaşı, öyrəndiklərini həyatda tətbiq etməyə, müəllimləri isə hər bir şagirdin potensialının üzə çıxarılması istiqamətində səylərini davam etdirməyə çağırıb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.
Məktəbin direktoru Elgün Əliyev çıxışında yeni tədris ili ilə bağlı hazırlıq işləri, şagirdlərin nailiyyətləri və məktəbdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, 2025-2026-cı tədris ilində məktəbin tam orta təhsil pilləsi üzrə 64 məzunundan 31-i ali təhsil müəssisələrinə qəbul olub.
Qeyd edilib ki, 2026-2027-ci tədris ilindən məktəbdə X-XI siniflər üzrə 169 şagirdin cəlb olunduğu yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb.
Tədbirdə şagirdlərin ifasında musiqi və bədii kompozisiyalar təqdim olunub.
Daha sonra elm və təhsil naziri məktəbdə tədris prosesi ilə tanış olub, sinif otaqlarına baxış keçirib. Emin Əmrullayev şagirdlərlə söhbət edərək onların yeni tədris ili ilə bağlı gözləntiləri, maraq göstərdikləri fənlər və gələcək planları ilə maraqlanıb.