Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub VİDEO
Ağdam, 16 sentyabr, AZƏRTAC
Görkəmli mütəfəkkir, alim, Azərbaycanın dahisi olan Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub. Ümid edirəm ki, bu kimi konfranslar, tədbirlər bütün İslam dünyası üçün faydalı olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının baş katibi Həmid Şəhriyari Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin gəncliyin gələcəyində, onların inkişaf mərhələsini keçməsində çox böyük faydası var.
İranla Azərbaycan arasındakı dostluq münasibətlərinə toxunan Həmid Şəhriyarı deyib: "Bu tədbirdə iştirak etməkdən çox məmnunuq. Əsas məqsədimiz ondan ibarətdir ki, İranla Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri daha da inkişaf etsin, möhkəmlənsin. Bizim həm də çox yaxın qohumluq və mədəni-tarixi əlaqələrimiz var ki, bu əlaqələr daha da möhkəmləndirilməlidir. Azərbaycanın torpaqlarının azadlığı uğrunda canlarını fəda eləyən şəhidlərin ruhları şad olsun.