NİİM: Nəqliyyat sıxlığına səbəb olan halların operativ aradan qaldırılması məqsədilə əlaqələndirilmiş iş görülür VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Paytaxt ərazisində nəqliyyat vasitələrinin, xüsusilə marşrut avtobuslarının və sərnişinlərin, eləcə də piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, polis və aidiyyəti qurumların əməkdaşları tərəfindən metrostansiyaların çıxışlarında və hərəkətin intensiv olduğu ərazilərdə avtobusların dayanacaqlara giriş-çıxışına mane olan hallar aradan qaldırılır, vətəndaşların gedəcəkləri ünvanlara maneəsiz çatması üçün zəruri tədbirlər görülür.
Nəqliyyat sıxlığına səbəb olan halların operativ şəkildə aradan qaldırılması məqsədilə əlaqələndirilmiş iş görülür, daxil olan müraciət və çağırışlara tez bir zamanda reaksiya verilir.
“Bir daha hərəkət iştirakçılarından qaydalara riayət etmələri, nəqliyyat vasitələrini dayanma və durma qaydalarının tələblərinə uyğun saxlamaları, avtobus dayanacaqlarında və nəqliyyatın hərəkətinə mane olan hallardan çəkinmələri xahiş edilir. Bu tələblərə əməl olunması yollarda hərəkətin fasiləsizliyinə və nəqliyyat sıxlığının qarşısının alınmasına kömək edir”, - deyə məlumatda vurğulanıb.