Lənkəran-Astara magistral yolunda baş verən qəzada ölənlərin kimliyi açıqlanıb VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran-Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, “Mercedes Vito” markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1961-ci il təvəllüdlü Ağayeva Gülnaz Yusub qızı və 1997-ci il təvəllüdlü Nəsirov Zaman Tərlan oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.