AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, heyvan mənşəli məhsullar vasitəsilə exinokokk və trixinella kimi parazitlər ət vasitəsilə insan orqanizminə daxil olaraq müxtəlif fəsadlara səbəb ola bilər. Antisanitar şəraitdə kəsim zamanı ətin Salmonella, E. colinin O157 seroqrupu və Listeria kimi patogen mikroorqanizmlərlə çirklənməsi və qida zəhərlənməsi riskini artırır.
AQTA bir daha istehlakçıların diqqətinə çatdırır ki, ət və ət məhsulları yalnız baytarlıq nəzarətindən keçmiş, müvafiq qaydada fəaliyyət göstərən kəsim məntəqələrindən və satış obyektlərindən alınmalıdır. Qanunsuz kəsim məntəqələrində əldə edilən ət məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
“Əhalinin sağlamlığının və qida təhlükəsizliyinin qorunması məqsədilə AQTA tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir”, - deyə məlumatda vurğulanıb.