BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a BŞDYPİ-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabrın 24-dən 26-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.
Bildirək ki, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil ediləcək.
Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
İlkin məhdudiyyət sentyabrın 19-u saat 21:00-dan etibarən qüvvəyə minəcək. Bu, Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq edilən zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Belə ki, sentyabrın 21-22-də aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
Sentyabrın 23-də isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
- M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
- Bülbül prospektindən sağa - Zərifə Əliyeva küçəsi və düzünə - Neftçilər prospekti istiqamətində;
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
- Ü.Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı, “Port Baku Mall” və “Crescent Mall” istiqamətində;
- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
- Neftçilər prospektindən Azneft dairəsi, “Dəniz Mall” və Salyan şosesi istiqamətində.
Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.
Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi saatda 50 kilometr olacaq.