Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin hərbi orkestrin ifasında səsləndirilməsi ilə başlayıb.
Kollecin direktoru,sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Həsənova Milli Musiqi Gününün Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən danışıb. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin milli professional musiqi sənətinin formalaşmasındakı müstəsna xidmətlərini və zəngin yaradıcılığının bu gün də Azərbaycan musiqisinin inkişafına təsirini diqqətə çatdırıb.
Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Samir Həmidov bildirib ki, musiqi yalnız mədəniyyət hadisəsi deyil, eyni zamanda, milli kimliyi, suverenliyi və milli qüruru ifadə edən dəyərdir. O, milli musiqinin qorunmasının, inkişaf etdirilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Xalq artisti, professor Ağaverdi Paşayev isə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki müstəsna yerindən bəhs edib. Bildirib ki, bugünkü nəsillər dahi bəstəkarı görməsələr də, onun yaratdığı zəngin musiqi ənənələri ilə yetişiblər və bu ənənələrin gənclər tərəfindən davam etdirilməsi qürurvericidir.
Daha sonra Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Kollecin müəllim və tələbələrinin iştirakı ilə hazırlanan proqramda bəstəkarın əsərləri solo, duet, orkestr və xor ifalarında səsləndirilib.
Konsertin sonunda Əməkdar artist Arzu Əliyeva, II Respublika Muğam Müsabiqəsinin qalibləri Güllü Muradova və Aytən Məhərrəmova, V Muğam Televiziya Müsabiqəsinin qalibi Sədəf Budaqova, eləcə də Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifasında “Qarabağ şikəstəsi” təqdim olunub.
Tədbirin məqsədi Üzeyir Hacıbəyli yaradıcılığının təbliği, milli musiqi dəyərlərinin yaşadılması, həmçinin gənc ifaçıların yaradıcılıq potensialının və ifaçılıq bacarıqlarının nümayiş etdirilməsi olub.