“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO
Şamaxı, 18 sentyabr, AZƏRTAC
Şamaxıda 1050 metr yüksəklikdə və 100 hektar ərazidə yerləşən “Meysari Grand Hotel & SPA” təbiət, sağlamlıq, qastronomiya və müasir qonaqpərvərliyi bir araya gətirən genişmiqyaslı kompleksdir. Bölgənin üzümçülük ənənələri ilə əhatələnən kompleks həm fərdi və ailəvi istirahət, həm də korporativ tədbirlərin keçirilməsi üçün geniş imkanlar təqdim edir.
AZƏRTAC xəbər verir ki, təşkil olunan mediatur çərçivəsində “PASHA Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçık jurnalistlərə müsahibəsində kompleksin imkanları barədə məlumat verib.
“Məkanı iki əsas hissəyə ayıraraq təqdim edə bilərəm. Birincisi, hazırda olduğumuz yer əsas binadır. Bütün qida və içki xidmətlərimiz bu binada yerləşir. Burada iki açıq və bir qapalı hovuz qonaqların istifadəsindədir.
İkincisi, binanın xarici ərazisində yerləşən kotteclər zonasıdır. Aşağı ərazidə isə idman zonamız yerləşir. Bura padel və tennis kortları, eləcə də futbol meydançası daxildir.
Bunlardan əlavə, kompleksdə iki konfrans mərkəzi fəaliyyət göstərir”, - deyə o qeyd edib.
Baş icraçı direktor Bakıdan cəmi 1-1,5 saatlıq məsafədə yerləşən bu kompleksin yerli və xarici turistlərin sevimli istirahət məkanına çevriləcəyinə inandığını vurğulayıb.
Qeyd edək ki, Şamaxının bənzərsiz təbiəti və zəngin mədəni irsi ilə harmoniya təşkil edən "Meysari Grand Hotel & SPA" kompleksi regionun turizm potensialının artırılmasına, eləcə də yerli və xarici turistlər üçün yüksəkstandartlı istirahət mühitinin formalaşdırılmasına böyük töhfə verəcək.
Operator - Ceyhun Mustafayev