Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Bəzi ucqar məktəblərin müəllimlərlə təmin olunmasında çətinliklər mövcuddur və bu da özünü şagirdlərin imtahan nəticələrində göstərir.
Bunu İctimai Televiziyada “Pressinq” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov AZƏRTAC-ın sualına cavabında bildirib.
Onun sözlərinə görə, monitorinq nəticələrində bəzi ucqar məktəblər və ayrı-ayrı fənlər üzrə zəif nəticələr müşahidə olunur. Problemin aradan qalrdırılması yollarından biri hibrid təhsil modelinin tətbiqidir. Bu həll yolu növbəti illərdə genişləndiriləcək.
Direktor qeyd edib ki, son iki ildə ucqar kənd məktəblərində müəllim təminatının yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də həyata keçirilib. Müəllimlərin işə qəbulu (MİQ) mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir və ucqar kənd məktəblərinə təyin olunan müəllimlərin əməyinin stimullaşdırılması məqsədilə əməkhaqqına əlavələr və kompensasiyalar ödənilir. Həmçinin təyin olunan müəllimlərə ilkin əməkhaqqının iki misli qədər müavinət verilir. MİQ müsabiqəsində vakant yerin mövcud olduğu rayon sakinlərinə də üstünlük verilir. Bu yanaşma vakant yerlərin daha dayanıqlı şəkildə tutulmasına və müəllimlərin sonradan həmin yerlərdən imtina etməsi hallarının azalmasına imkan yaradır.
Eşqi Bağırov deyib ki, digər mühüm həll yollarından biri də şagird sayı az olan ucqar kənd məktəblərində müəllimlərin dərs yükünün optimallaşdırılmasıdır.
“Məsələn, iki və ya üç məktəbin hər birində kimya fənnindən 6 saat tədris nəzərdə tutulursa, həmin fənn üzrə müsabiqəyə elan etdiyimiz yeri bir iş yeri olaraq təqdim edirik. Ora təyin olunan namizəd əvvəlcədən bunu bilməklə və razılığını verdikdən sonra üç məktəbdə işləmək hüququ qazanır”, – deyə Eşqi Bağırov bildirib.
“Düşünürəm ki, bu həllərin nəticəsində həqiqətən bu il ucqar kənd məktəblərində kadr təminatı problemi son 10-20 ilin bəlkə də ən aşağı səviyyəsinə enib. Zənnimcə, növbəti illərdə bu həllərin nəticəsində daha yaxşı səviyyəyə çatacağıq”, – deyə Eşqi Bağırov əlavə edib.
Müxbir - Tünzalə Zeyvəliyeva