ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO
Gəncə, 19 sentyabr, AZƏRTAC
ADA Universitetinin müəllim və tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasını ilk dəfə peşəkar teatr səhnəsində təqdim ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrında nümayiş olunan tamaşa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və teatrın dəstəyi ilə baş tutub.
Tamaşanı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və mədəniyyət nazirinin müavini Murad Hüseynov izləyərək gənc ifaçılara dəstək olublar.
Tamaşanı ADA Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi, Rəqs və Teatr klublarının həvəskar gənclərdən ibarət yaradıcı heyəti ərsəyə gətirib.
“O olmasın, bu olsun” operettasının premyerası ilk dəfə bu il martın 6-da ADA Universitetinin 20 illik yubileyi münasibətilə keçirilib. Gəncə səhnəsindəki təqdimat isə yaradıcı heyətə əsəri peşəkar səhnədə daha geniş auditoriya qarşısında nümayiş etdirmək imkanı yaradıb.
Qeyd edək ki, bu uğurlu layihə sözügedən klubların ilk parlaq addımı deyil. Bundan əvvəl həmin yaradıcı gənclər dahi bəstəkarımızın digər şah əsəri — “Arşın mal alan” operettasını da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində uğurla təqdim ediblər.
Müxbir - Elcan Məmmədov