33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO
Xocavənd, 22 sentyabr, AZƏRTAC
İşğaldan azad olunan Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindəyik. Yeni tikilmiş evlərdən birinin qapısını döyürük. Qapını Günəş Dadaşova açır. İlk baxışdan onun üzündə 33 illik Vətən həsrətinin izləri, eyni zamanda, doğma ocağa qovuşmağın sonsuz sevinc hissi oxunur.
- Xoş gördük, Günəş nənə. Eviniz-ocağınız mübarək olsun! AZƏRTAC-ın bölgə müxbiri kimi sizin qonağınız olmaq, doğma yurdunuza qayıdış hekayənizi elə özünüzdən dinləmək istədik.
- Xoş gəlmisiniz! Keçin, əyləşin. Doğma torpağımızda qonaq qarşılamaq bizim üçün böyük xoşbəxtlikdir.
İçəri keçirik. Süfrə açılır, çay dəmlənir... Söhbəti davam etdirirəm.
- Bu yerlərə qayıdış yolunuz necə başladı, o çətin illər xatirənizdə necə qalıb?
- Mən 20 yaşımda ailə həyatı qurdum. Lakin 27 yaşımda doğma yurdumuzdan məcburi köçkün düşdük. Qaradağlı faciəsinin şahidi oldum... Çox çətin günlər idi. Həmin hadisələrdə yaxınlarımdan əsir düşən, şəhid olan qohumlarım oldu. Çox ağrı-acılı günlər idi... (Günəş nənə köks ötürür).
- Bəs köçkünlük illərini harada və necə keçirdiniz?
- Əvvəlcə Ağdamda məskunlaşdıq, sonra Mingəçevirə köçdük. Həyat davam edirdi, lakin bir arzumuz var idi: doğma yurdumuza qayıdaq və ömrümüzün qalan çağını Xocavənddə yaşayaq.
-İllər keçsə də, o ümid heç sönmədi, eləmi?
Günəş nənə gülümsəyərək və qürurla deyir: - Bəli, heç vaxt ümidimizi itirmədik və nəhayət, o günlər bizə nəsib oldu... İndi öz evimizdə, öz torpağımızdayıq.

1965-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açan Günəş nənə 8 uşaqlı ailədə boya-başa çatıb. Atasını erkən yaşlarında itirən Günəş Dadaşovanı və bacı-qardaşlarını anası böyüdüb. 20 yaşında ailə həyatı quran Günəş nənə 27 yaşında ikən Qaradağlı faciəsinin canlı şahidi olub, daha sonra doğma yurdundan məcburi köçkün düşüb. Həmin çətin və ağrı-acılı günlərdə yaxınlarından əsir düşənlər, şəhid olanlar da olub.
Məcburi köçkünlük illərində ailə əvvəlcə Ağdamda, daha sonra isə Mingəçevirdə məskunlaşıb. Həyat davam etsə də, onların tək bir arzusu olub: doğma yurdlarına qayıtmaq və ömürlərinin qalan hissəsini Xocavənddə yaşamaq. İllər boyu ümidini üzməyən Dadaşovlar ailəsinə nəhayət ki, həsrətlə gözlədikləri günlərə qovuşmaq nəsib olub.
- Günəş nənə, Xocavəndə qayıdışınız necə oldu? Kiminlə birlikdə dönmüsünüz doğma yurdunuza?
- Bir övladım və onun ailəsi ilə birlikdə qayıtmışıq.
- Buraya gələndən sonra unutmadığınız, sizin üçün ən təsirli an hansı oldu?
- İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu. Sakinlərlə görüşdü, sevincimizin həddi-hüdudu yox idi. O an bizim üçün unudulmaz, gözəl bir günə çevrildi. (Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü - red.)
- Məskunlaşdığınız evin şəraiti, yaşayışınız necədir?
- Bura gələndən hər bir şəraiti olan evlə təmin olunmuşuq. Həyətyanı sahəmiz də genişdir. Bəhrəli torpaqlarımızda bitkilər əkib-becərmişik. 10 kiloqram kartof əkmişdim, 300 kiloqram məhsul yığdıq. Lobya, pomidor, xiyar və digər tərəvəzlər əkdik. Qış tədarükünü də öz bağımızın məhsulundan hazırladıq. Həyətimizdə çoxlu meyvə ağacı da var - armud, gilas, heyva, zoğal, qoz və digər ağaclarımız bəhrə verir.
- Günəş nənə, doğma torpaqda yaşamaq sizin əhvalınıza necə təsir edir?
- Son bir il mənim həyatımda çox gözəl keçib. Bura gələndən özümü çox gümrah hiss edirəm, sanki cavan çağımdayam...

Ailənin gəlini Kəmalə Dadaşova da söhbətə qoşulur. O, özünü illər əvvəl Qarabağ haqqında yalnız danışılanlardan eşidən, bu gün isə həmin torpaqlarda yaşayan bir Qarabağ gəlini kimi təqdim edir:
-Ağcabədidə dünyaya göz açmışam. Yaşa dolduqca Qarabağ haqqında eşidirdim. Tale elə gətirdi ki, 2012-ci ildə Qarabağdan olan yoldaşımla ailə həyatı qurduq. Yoldaşım bu yerlər haqqında hər zaman danışardı. Həsrətini çəkirdik Qarabağın...
-Artıq həsrət bitib...
-Bəli, bəli, bir ildir Xocavənddə məskunlaşmışıq. Havası, suyu, təbiəti çox gözəldir. Hər bir şəraiti olan evlə təmin olunmuşuq. Dövlət başçımıza da təşəkkür edirik. Onun rəhbərliyi ilə güclü Ordumuz bizlərə Qələbə sevincini yaşatdı.
Qarabağda həyatın yenidən canlandığını vurğulayan Kəmalə Dadaşova Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayır. Övladlarının Qırmızı Bazarda təhsil aldığını söyləyən Kəmalə xanımın arzusu onların gələcəkdə təhsillərini Qarabağ Universitetində davam etdirmələri, Vətənə və dövlətə layiqli övladlar kimi boya-başa çatmalarıdır.
Dadaşovlar ailəsinin böyük övladı Ümid Dadaşov üçün də ata-baba yurduna qayıdış yeni həyatın başlanğıcıdır. Əvvəllər Qarabağı yalnız böyüklərindən eşitdikləri ilə təsəvvür edən Ümid indi Xocavəndin gözəlliklərini öz gözləri ilə görür.
“Burada yeni dostlar, sinif yoldaşları və müəllimlər tanıdım. Qəsəbədə keçirdiyim ilk qış isə yaddaşımda xüsusi yer tutub. Ağ örpəyə bürünən Qırmızı Bazarda uşaqlarla doyunca qartopu oynadıq. Atam ilə birlikdə qəsəbənin ətrafındakı yüksəkliklərə qalxaraq doğma yurdumuzun mənzərəsini seyr etdim. Arzum təhsilimi Qarabağda davam etdirmək, gələcəkdə burada çalışmaq və həyatımı doğma torpaqda qurmaqdır”, - deyə o əlavə edib.

Bu gün Dadaşovlar ailəsinin həyətində yeni həyatın izləri görünür. Vaxtilə məcburən tərk etdikləri doğma torpaqlara qayıdan ailə burada həm keçmişin ağrılarını geridə qoymağa, həm də gələcəyə ümidlə baxmağa çalışır. Günəş nənənin nəsli üçün bu qayıdış uzun illər davam edən həsrətin sonu olduğu halda, Ümid və onun yaşıdları üçün Qarabağda qurulan yeni həyatın başlanğıcıdır. Bir vaxtlar yalnız xatirələrdə, söhbətlərdə yaşatdıqları doğma yurd bu gün onların gündəlik həyatının bir parçasına çevrilib. Qırmızı Bazarda həyət-bacada ucalan ağaclar, məktəbə gedən uşaqlar, torpağa səpilən toxumlar isə bir həqiqəti göstərir: illər əvvəl yarımçıq qalan həyat burada yenidən davam edir, bu dəfə doğma torpaqda və gələcəyə inamla.
Müxbir – Aydın Yavərzadə