Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində daha çox pilotsuz uçuş aparatları, hərbi geyimlər və ləvazimatlar, hərbi dəniz sistemləri, radioelektron mübarizə vasitələri, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, silah və sursat kimi bölmələr təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu "ADEX" və " Securex Caspian" sərgilərinin layihə rəhbəri Ülkər Qasımova 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 15-ci Beynəlxalq daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlıqları Sərgisi "Securex Caspian"a həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.
O bildirib ki, "ADEX" sərgisi ilə paralel olaraq "Securex Caspian" sərgisində daha çox informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, yanğın təhlükəsizliyi kimi bölmələr təqdim olunacaq.
“Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Bakı Ekspo Mərkəzinin foyesində böyük startap zonası təşkil ediləcək. Həmçinin 3 gün ərzində müxtəlif mövzularda panel diskussiyalar təşkil olunacaq və sərgi çərçivəsində qoşun növləri üzrə hərbi keçid də təşkil ediləcək”, - deyə Ülkər Qasımova diqqətə çatdırıb.