Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinə mediatur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası həyata keçirilir. Son dövrdə Mərkəzin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Xüsusilə Heydər Əliyev Fondu tərəfindən Mərkəzə bir sıra müasir reabilitasiya avadanlıqları hədiyyə edilib.
Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj və s. istiqamətlərdə xidmətlər göstərilir.
Müasir tibbi-reabilitasiya avadanlıqları mövcud imkanların genişləndirilməsinə, müalicə və bərpa prosesinin daha müasir metodlarla və fərdi yanaşma əsasında təşkilinə şərait yaradıb.
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzində ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz çox olmaqla, 613 nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Mərkəzdə 44 günlük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də mühüm işlər aparılır. Postmüharibə dövründə Mərkəzdə 104 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.
Media nümayəndələri mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.
Müxbir - Nail Əsgərov