Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Qaradağ rayonunda, Salyan şosesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.
İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 yeni ağac əkilib.
Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.