Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO
Nyu-York, 24 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük siyasi və idarəçilik təcrübəsinə malik şəxsləri bir araya gətirərək dünyada baş verən prosesləri və gələcək çağırışları dərindən müzakirə etməyə imkan verən mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovinanın keçmiş Prezidenti Mladen İvaniç Mərkəzin Nyu-Yorkda keçirilən XXXVII Yüksəksəviyyəli Görüşü çərçivəsində AZƏRTAC-a açıqlamasında bildirib.
“Mən uzun illərdir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüyəm. Mərkəzlə ilk təmasım Bosniya və Herseqovinanın Prezidenti olduğum dövrə, təxminən doqquz il əvvələ təsadüf edir. Bu, çox əhəmiyyətli qurumdur. Bu qədər nüfuzlu insanı, BMT-nin və müxtəlif ölkələrin hazırkı liderlərini, keçmiş prezidentləri, Baş nazirləri və qərar qəbul etmiş şəxsləri bir araya gətirə bilən çox az sayda platformalardan biridir”, - deyə Mladen İvaniç əlavə edib.
O, keçmiş dövlət və hökumət başçılarının topladıqları təcrübənin qlobal proseslərin müzakirəsi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Bu insanlar böyük biliyə və təcrübəyə malikdirlər və artıq birbaşa qərarların məsuliyyətini daşımadıqları üçün daha sərbəst danışa bilirlər. Onlar dünyada hazırda baş verənləri və gələcək prosesləri müzakirə etmək üçün ən uyğun insanlardır. İnanıram ki, belə görüşlər bəzən formal tədbirlərdən daha səmərəli ola bilər. Çünki burada insanlar məsələlərin mahiyyətinə dərindən nüfuz edirlər”, - deyə o qeyd edib.