Xaçmazda şəhidlərin xatirəsinə 306 ağac əkilib VİDEO
Xaçmaz, 24 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü münasibətilə Xaçmazda şəhidlərin xatirəsinə 306 ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekoloji aksiya Xaçmaz–Niyazabad avtomobil yolunun kənarlarında həyata keçirilib.
Ağacəkmə aksiyası “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunub.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Xaçmaz rayonundan olan hər bir şəhidin xatirəsinə bir ağac olmaqla, ümumilikdə 306 ting əkilib. İştirakçılar əkilən tingləri suvarıb və onlara ilkin qulluq göstəriblər.
Müxbir- Elxan Yusifli