Qazaxıstanda həlak olan hərbçilərin xatirəsi anılır VİDEO
Astana, 25 sentyabr, AZƏRTAC
Qazaxıstan Xəzər dənizində keçirilən hərbi təlim zamanı həlak olan hərbçiləri anır. Sentyabrın 25-i Qazaxıstanda ümummilli matəm günü elan edilib. Azərbaycan tərəfi baş verən faciə ilə əlaqədar Qazaxıstana başsağlığı verib, Aktaudakı Azərbaycan diasporunun nümayəndələri isə axtarış-xilasetmə əməliyyatına cəlb olunanlara dəstək göstəriblər.
AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, faciə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizinin sahilində keçirilən “Xəzər Qorğanı - 2026” təlimləri zamanı baş verib. Təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin qəflətən kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçi dənizə düşüb.
Son məlumatlara görə, 3 hərbçini xilas etmək mümkün olub, 14 nəfər həlak olub. Sentyabrın 25-də səhər saatlarında itkin düşən son 2 hərbçinin də meyiti tapılıb. Bundan sonra Xəzər dənizinin akvatoriyasında axtarış-xilasetmə əməliyyatı başa çatdırılıb.
Aktaudakı Azərbaycan diasporunun nümayəndələri də axtarış əməliyyatının iştirakçılarına dəstək göstəriblər. Onlar hərbçilər, xilasedicilər və axtarış işlərinə cəlb olunan digər şəxslər üçün sahilə ərzaq və içməli su çatdırıblar.
Hərbçilərin ölümü ilə bağlı Qazaxıstan Müdafiə Nazirliyi sistemində çalışan 5 vəzifəli şəxs saxlanılıb. Onların arasında Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi - Baş komandanın birinci müavini, 2 hərbi hissə komandiri, dəniz piyadaları rotasının komandiri və kater komandiri var. Onlar xidmətə səhlənkar münasibətdə və ağır nəticələrə səbəb olan gəmi idarəetmə qaydalarının pozulmasında şübhəli bilinirlər. İstintaq davam edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib, Hökumət Komissiyasına hadisənin bütün şəraitinin müəyyənləşdirilməsi və həlak olanların ailələrinə zəruri yardım göstərilməsi ilə bağlı müvafiq tədbirlər görməyi tapşırıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib. Ölkəmizin müdafiə naziri general-polkovnik Zakir Həsənov da Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı göndərərək həlak olan hərbçilərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.