Vüqar Behbudov: Tarixi Zəfərdən sonra imtiyazlı şəxslərin mənzil təminatı 5 dəfə artırılıb VİDEO
Yevlax, 25 sentyabr, AZƏRTAC
Bu gün Yevlax şəhərində, MİDA yaşayış kompleksində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olmuş şəxslərə növbəti 50 mənzil təqdim olundu. Bu mənzillərin təqdim olunması Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində baş verdi və bu, müharibə ilə əlaqədar əlilliyi olmuş şəxslərə və şəhid ailələrinə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yevlaxda jurnalistlərə müsahibəsində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.
V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan tarixi Zəfərdən dərhal sonra imtiyazlı şəxslərin mənzil təminatı 5 dəfə artırılıb. Postmüharibə dövründə 7350 nəfər mənzillərlə təmin olunub. Ümumiyyətlə isə bu günə kimi 16 min şəxs mənzillərlə və fərdi evlərlə təmin edilib.
“Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək tədbirləri tək mənzillərlə məhdudlaşmır, onların reabilitasiya vasitələri, reabilitasiya xidmətləri ilə və səyyar sosial xidmətlərlə təmin olunması da həyata keçirilir. Bu tədbirlərdən biri də Bakı şəhərində həyata keçirilir, müharibə ilə əlaqədar əlilliyi olmuş şəxslərə bu gün avtomobillər verilir. Postmüharibə dövründə artıq 600-dən çox şəxs avtomobillərlə təmin olunub və bu proses davamlı olaraq həyata keçiriləcək”, - deyə o əlavə edib.
Müxbir - Tahir Ağaməmmədov